Bakıda Azərbaycan Uşaqlarının III Forumu keçirilib
APA-nın məlumatına görə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Daha sonra uşaq siyasəti ilə bağlı film nümayiş olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, bu cür forumların keçirilməsi artıq ənənəyə çevrilib: "Artıq 55 ildir ki, bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi günü keçirilir. Qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqların, o cümlədən Azərbaycan uşaqlarının hər birinin arzu və istəkləri həyata keçiriləcək və müharibədən, zorakılıqdan uzaq həyat sürəcəklər".
H. Hüseynova daha sonra qeyd edib ki, uşaqların intellektual və hüquqi biliklərinin artmasında forumların xüsusi rolu var.
Milli Məclisin vitse-spikeri Bahar Muradova da çıxışında forumun əhəmiyyətindən bəhs edib. B. Muradova bildirib ki, uşaq problemləri, onların həlli, uşaqlar üçün rahat, təhlükəsiz həyatın təmin edilməsi bu gün çox vacib şərtdir: "Bu gün hər bir qayğı ilə əhatə olunan uşaqlarla yanaşı, ən müxtəlif səbəblərdən əziyyət çəkən, valideyn himayəsindən məhrum olan, baxımsızlıq şəraitində yaşayan uşaqların olduğunu unutmamaq bizim ən vacib vəzifəmizdir. Mən arzu edirəm ki, bu cür problemlər bugünkü forumda öz müzakirəsini tapsın".
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Xarici işlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi Marat Kəngərlinski, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxış ediblər.
Foruma ümumilikdə 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedadı olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün uşaqlar nümayəndə qismində seçilib. Forumu uşaqlar özləri idarə edib. Forum zamanı bu gün uşaqlar üçün aktual hesab olunan 7 mövzu üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə qrup müzakirələr keçirilib.
Forumun yekunu olaraq Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu iştirakçıları adından prezident İlham Əliyevə müraciət, Forumun Yekun Bəyannaməsi və Azərbaycan uşaqları adından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul ediləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I və 2011-ci ildə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunu keçirib.
Sözügedən forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilir.