“ELS” layihəsinin yekun təqdimatını Sumqayıtda keçirdi
Oktyabrın 22-də Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatı keçirildi.
Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, uşaq bağçalarının təmsilçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbir ELS-ın təşəbbüsü və maliyyə dəstəyi ilə ilk dəfə olaraq “Bənövşə” Uşaq Xorunun ifasında səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ELS-ın rəhbəri İradə Yaqubova layihə haqqında ətraflı məlumat verərək bildirdi ki, bu, 2011-ci ilin fevral ayından davamlı şəkildə həyata keçirilən fəaliyyətin, o cümlədən 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirilən “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin yekunudur. Belə ki, Azərbaycanın tarixində ilk dəfə olaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərci reallaşdırılmışdır və artıq uşaqlarla işləyən peşəkarlar yeni mahnılar və onların notlarından istifadə edə biləcəklər.
Qeyd edək ki, Sumqayıt şəhər uşaq bağçalarına təqdim olunan not albomunda “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsində ilk 15 yeri tutan mahnıların mətnləri və notları yer almışdır.