Finlandiyada uşaq mahnı yarışmasına qatılan həmyerlimiz yarımfinala çıxıb
Finlandiyada yaşayan 12 yaşlı həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” musiqi yarışmasında yarımfinala vəsiqə qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur “Dua kimi” (“Like a Prayer”) mahnısını ifa edən A. Cabbarlı münsiflər heyətinin rəğbətini qazanıb.
Jüri üzvləri hər üç iştirakçının səsini yüksək qiymətləndirsə də, A. Cabbarlının səhnədəki təbii hərəkətləri ilə digərlərindən fəqrləndiyini və növbəti mərhələdə məhz onu görmək istədiklərini deyiblər.
Xatırladaq ki, müsabiqənin ilk mərhələsində uğurlu çıxışına görə münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizin seçimi müğənni Diandra Flores olub. Finlandiyanın “4-cü kanal”ı ilə yayımlanan mahnı yarşımasının yarımfinalı bu həftə keçiriləcək.
Qeyd edək ki, 12 yaşlı A. Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatı nəzdindəki “AzərTürk” musiqi qrupunun solistidir və 10 ildən çoxdur ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır.