Azərbaycan prezidenti Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışında iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində H. Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı olub. APA- nın məlumatına görə, Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.
Binanın foyesində Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, prezident İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb. Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.
Prezident İlham Əliyevə məlumat verilib ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
Bağça ilə tanışlıqdan sonra dövlət başçısı Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirib.