İlham Əliyev 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib
Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər və yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir. “Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin açılışında iştirak etdilər.
Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik etdi. Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.