Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib. APA-nın məlumatına görə, bu gün “Jumeirah Bilgah Beach Hotel”də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik təşkil edilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Tədbirdə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslərə qatılıb, mahnılar ifa edib, məharətlərini göstəriblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs ediblər.
Tədbirdə uşaqların istedadlarını nümayiş etdirmələri üçün xüsusi guşələr də yaradılıb. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar, səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tədbiri daha da rəngarəng edib. Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.