2006-cı ildə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı 21 min nəfər olduğu halda, 2012-ci ildə 8336 nəfərə qədər azalmışdır.
Bu gün Azərbaycanda övladlığa uşaq götürmək istəyən ailələr az deyil, hətta illərlə növbə gözləyənlər var. Bu, 3 yaşa qədər olan qüsursuz körpələrə üstünlük verən ailələrdir. Qərb, Avropa və Rusiayadan övladlığa uşaq götürmək üçün Azərbaycana üz tutan əcnəbilər üçün uşağın qüsurlu olub-olmaması önəm daşımır, əksinə onlar qüsurlu uşaqları götürüb əməliyyat etdirir və bununla da mənəvi borclarını yetirmiş olduqlarını deyirlər. Sual ortaya çıxa bilər ki, niyə məhz Azərbaycan? Əvvəla, əcnəbilər genofond, mənşə, insani keyfiyyətlər baxımından müsəlman ölkələri, o cümlədən Azərbayandan olan uşaqlara daha çox üstünlük verir. Digər tərəfdən, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda övladlığa uşaq götürmə ilə bağlı proses rahat şəkildə tənzimlənir və uşağın ailəyə verilməsi rəsmi qaydada sənədləşdirilir. Avropa ölkələri, məsələn Almaniyada uşaq övladlığa verilmir, sadəcə dövlətin ayırdığı vəsait hesabına tərbiyəsi ilə məşqul olmaq istəyən ailədə yaşayır və onlar arasında hüquqi bağlılıq olmur.
Azərbaycanda ölkələrarası övladlığa götürmə məsələləri Konstitusiya, Ailə və Mülki Prosessual məcəllə ilə tənzimlənir. Rəsmi statistikaya görə, 2007-ci ildən Azərbaycanda 15 uşaq əcnəbilərə övladlığa verilib. Onlardan 9-u qız, 6-sı oğlandır. Azərbaycandan uşaq götürmək istəyənlərin əksəriyyəti Rusiya və ABŞ-da yaşayan azərbacanlılardır. Sirr deyil ki, Azərbaycanda uşaqların əcnəbilərə verilməsi adi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Yad ölkədə yad insanlara övladlığa verilən uşaqların gələcək taleyi bizləri narahat etməyə bilməz. Amma istənilən halda kimsəsiz, ata-ana qayğısı görməyən körpələrin sağlam ailədə yaşaması vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir. Çünki bu gün ölkəmizdə fəaliyyət göstərən onlarla uşaq evləri və internatlarda tərbiyə alan minlərlə uşağın gözü yoldadır. Onlar hər gələn şəxsdə ana-ata axtarır, balaca əllərini uzadır, məsum baxışları ilə onlara “məni də özünlə apar” deyir. Bu körpələr qayğı və nəvaziş istəyir, ümidlərlə yaşayır və bir gün arzularınına çatacaqlarına inanırlar. İnsanlar əvvəllər kimsəsiz uşaqlara əsasən bayramlarda hədiyyələr aparır və maddi yardım göstərirdilərsə, son vaxtlar internat və uşaq evlərinə ziyarətlərin sayı artıb. Amma bir şeyi yaddan çıxarmayaq ki, körpələrin daha çox mənəvi dayaq, yəni ata-ana qayğısına, sevib-sevilməyə ehtiyacları var.
Sözsüz ki, bu gün cəmiyyətlə yanaşı Azərbaycan dövlətinin də kimsəsiz uşaqlara qayğısı var. Amma istənilən halda, onların gələcəyi hec nədən sığortalanmayıb. Düzdür, Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məsələlər Ailə Məcəlləsinə əsasən tənzimlənir və orada 18 yaşı tamam olmuş yeniyetmələrin təminatı ilə bağlı xüsusi bir maddə var ki, həmin yeniyetmələrin problemlərinin həlli ilə yerli icra hakimiyyətləri məşğul olmalı, onları işlə və evlə təmin etməlidirlər. Amma bu öhdəlik yerli icra hakimiyyətləri tərəfindən qismən yerinə yetirilir. İcra hakimiyyətinin hər birində mənzil fondunun olmasına baxmayaraq, maddi bazanın zəif olması və sosial təminatı çox aşağı olan, yaşamağa yeri olmayan insanların çoxluğu problemin həllini çətinləşdirir. Digər məsələ valideyn himayəsindən məhrum, uşaq müəssisələrində yaşayan uşaqların ali məktəbə daxil olarkən təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı olan təkliflərdir. Bəzən həmin uşaqlar uşaq evlərini tərk etdikdən sonra imkansızlıq ucbatından məcbur qalıb təhsillərini yarıda kəsirlər. Sevindirici haldır ki, artıq sözügedən məsələ ilə bağlı Milli Məclisdə yeni qanun layihəsinin hazırlanması və buna müvafiq olaraq “Sosial xidmət haqqında” qanuna dəyişikliklərin nəzərdə tutulması haqqında məlumatlar yayılıb. Qeyd edək ki, qanun layihəsinin bu il parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulub.