Seminarı giriş sözü ilə açan “Həyat” Təşkilatının sədri və “Yollarda təhlükəsizlik sahəsində gənclərin maariflənməsi” layihəsinin əlaqələndiricisi Azər Allahverənov statistikaya əsasən hər gün dünyada 3.500 insanın yol qəzalarında həyatını itirdiyini, milyonlarla insanın isə xəsarət aldığını bildirdi. Onun sözlərinə görə, məsələnin faciəvi tərəfi isə onunla bağlıdır ki, ölənlərin böyük əksəriyyəti gənclərdir. Bu səbəbdən gənclər arasında ciddi və davamlı maarifləndirmə işi aparılmalıdır ki, sözügedən layihə də buna xidmət edir.
“Təəssüflər ki, son illər Azərbaycanda da bu tendensiya özünü kəskin formada göstərir, Rəsmi statistikaya görə, yol qəzaları nəticəsində təkcə 2011-ci ilin ilk altı ayında 37 uşaq və yeniyetmə həlak olmuş, 105 nəfər yaralanmışdır”. Bunu Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov dedi. Onun sözlərinə görə, əksər faciələr piyadaların keçıdlərdən istifadə etməməsi səbəbindən baş verir.
Qeyd edək ki, tədbirdə paylanan yol təhlükəsizliyinə dair uşaqlar, piyadalar və sürücülər üçün sual-cavablardan ibarət bukletlər, kitablar və plakatlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır.