Səhifəni çap et
Çərşənbə, 16 Yanvar 2013 13:00

Azərbaycanda uşaqları övladlığa götürməyə nəzarət güclənəcək

ElBu il Azərbaycanda övladlığa götürməyə nəzarət mexanizminin gücləndirilməsi müzakirə olunacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklər gözlənilir.

 

Bu, bir sıra ictimai təşkilatların və ekspertlərin müraciəti əsasında bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılır. Azərbaycanda uşaqları himayəyə, yaxud övladlığa götürmək istəyən ailələrin, xüsusilə də əcnəbi ailələrin getdikcə çoxalması dəyişikliyi zəruri edib. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya açıqlamasında bildirib ki, övladlığa götürmə məsələsini heç vaxt sadələşdirmək olmaz, əksinə, daim diqqətdə saxlamaq lazımdır: “Məsələn, övladlığa götürənin yaş fərqinə, mənzil şəraitinə diqqəti artırmaq, həmin ailənin maliyyə və digər imkanlarına nəzarəti gücləndirmək lazımdır. Məsələn, kifayət qədər kasıb ailəyə uşağı etibar etmək olmaz”.

 

H.Rəcəbli deyib ki, artıq Azərbaycanda atılmış uşaqların sayı azalıb: “Vaxtilə bizdə atılmış uşaqların sayı çox idi. İkinci tərəfdən, reproduktiv müalicə imkanları artıb, artıq nikaha girənlər arasında övladı olmayanların sayı 9-10 faizə enib. Bunun özü də imkan verir ki, övladlığa götürmə azaldığı üçün bu məsələdə daha ciddi mexanizm olsun”.

Oxunub 2008 dəfə