Səhifəni çap et
Çərşənbə axşamı, 25 Dekabr 2012 12:58

Uşaqlara sevinc bəxş edək

yeni il 2013Dekabrın 19-da Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya paytaxtındakı “Bakı” kinoteatrında Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir. AzərTAc xəbər verir ki, “Bakı” kinoteatrının foyesində uşaqlar üçün al-əlvan yolkalar bəzədilmiş, müxtəlif əyləncələr təşkil olunmuşdur.

Moskvanın S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları balacaları əyləndirmək üçün şən oyunlar təqdim etmişlər. Foyedə yaradılmış şokolad fəvvarəsi, nəhəng sabun köpükləri, əl işləri dərnəyi, akvarellə bəzəklər çəkilməsi guşələrində uşaqlar aktyorların ətrafına toplanmışdılar. Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları yolkanın kənarında maraqlı oyunlar və viktorinalar keçirmişlər.



Bayramın ikinci hissəsi kinoteatrın tamaşa zalında davam etdirilmişdir. S.Obraztsov adına Kukla Teatrının aktyorlarının ifasında “Qar qızın məktəbi” tamaşası göstərilmişdir. Uşaqlar səhnədə ayı balalarının maraqlı sərgüzəştlərinə həvəslə tamaşa etmişlər.

Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və ÜAK-ın əməkdaşları bayramın balaca iştirakçılarına Yeni il hədiyyələri paylamışlar.

Oxunub 1957 dəfə