Səhifəni çap et
Çərşənbə, 05 Dekabr 2012 10:23

Ağabacı Rzayeva - 100

Agabaci Rizayeva 100Azərbaycanın ilk qadın-bəstəkarının yubiley gecəsi “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilat dəstəyilə keçirilir 

Dekabrin 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və “ELS” Müstəqil Arazdırmalar Mərkəzinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın 100 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir.

Qeyd edək ki, bəstəkarın yubileyinin keçirilməsi “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin səyi nəticəsində mümkün olmuşdur. İyunun 6-da Müstəqil Araşdırmalar Mərkəzinin “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin tanınmış incəsənət xadimləri tərəfindən Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, ilk qadın bəstəkar Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi xahişilə ölkə başçısına  müraciət qəbul olunmuşdur. 

 

Yubiley gecəsində bəstəkarın əsərləri, o cümlədən romans və instrumental pyeslər, xalq mahnıları tanınmış sənətçilərin ifasında səslənəcək. Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq xorunun solistləri Ağabacı Rzayevanın bu gün də sevilən “Kukla”, “Gənc dənizçi”, “Qaranquş”, “Sabahın ustaları” kimi uşaq mahnılarını ifa edəcəklər.

Oxunub 3335 dəfə