Səhifəni çap et
Çərşənbə, 14 Noyabr 2012 13:07

Azərbaycandan övladlığa uşaq götürmək üçün 10 əcnəbi ailə növbə gözləyir

14.11.2012Hazırda 10 əcnəbi ailə Azərbaycandan övlad götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) rəsmi qeydiyyatdadır. Bu barədə APA-ya açıqlamasında Komitənin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova bildirib.

Sektor müdiri deyib ki, bir çox ailələrin sənədləri daxil olsa da, onlar hələ ki araşdırılır. V. Möhsümovanın sözlərinə görə, hətta elə ailələr var ki, 2008-ci ildən övlad götürmək üçün gözləyirlər: “Övlad götürmək istəyən əcnəbi ailələr müxtəlif ölkələrdəndir. Övladlığa verilən ailələr arasında əsasən, Rusiyada yaşayan azərbaycanlılar üstünlük təşkil edir. Bundan əlavə, ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrdən olan ailələrə də uşaqlar verilir”.

 V. Möhsümova qeyd edib ki, azərbaycanlı ailələr əsasən yeni doğulan, heç bir qüsuru olmayan, tam sağlam uşaqlara daha çox üstünlük verirlər. Ancaq əcnəbi ailələr üçün bunlar önəmli deyil: “Onlar üçün əsas odur ki, uşağın müalicə oluna bilən xəstəliyi olsun. Bizdə qolu olmayan uşağı heç vaxt götürmürlər, amma xaricilər hesab edirlər ki, ona protez qoyaraq müalicə etmək olar. Bizim əsas məqsədimiz odur ki, uşaqlar yerli ailələrə verilsin. Uşaqların hər biri azərbaycanlı ailələrə təqdim olunur. Lakin yekun nəticədə yerli ailələrdə qəbul edilməyən uşaqlar xarici ailələrə təklif edilir”.

Oxunub 2029 dəfə