Səhifəni çap et
Şənbə, 20 Oktyabr 2012 09:38

Bu gün korifey müğənni Şövkət Ələkbərovanın ad günüdür

Shovket Elekberova

Azərbaycanın xalq artisri Şövkət Ələkbərovanın 90 yaşı tamam olur

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Ailədə altı uşaqdan üçüncüsü olan Şövkətin atası musiqi vurğunu, anası isə peşəkar tərzan olub. Ailədə uşaqların hamısı musiqi savadı almış, erkən yaşlarında Şövkət Ələkbərova kəmançada ifa edirmiş.

1937-ci ildə Şövkət Ələkbərova mahnı müsabiqəsinin qalibi olmuşdur və onun istedadını bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbül qiymətləndirmişdir. “Qarabağ şikəstəsi”nin ifasından sonra dahi Üzeyir bəy gənc müğənnini yenicə yaradılmış Azərbaycan Dövlət Xoruna qəbul etmiş və burada artıq onun peşəkar müğənni kimi karyerası başlamışdır.

Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosiyonallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Avropa, Asiya və Afrikanın 20-dən çox ölkəsinndə Azərbaycanı uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Əfsanəvi müğənni 1993-cü il fevralın 7-də vəfat etmişdir. Həmin gün Dövlət Televiziyası ömrünün 50 ilini Azərbaycan incəsənətinə vermiş Şövkət xanım Ələkbərovanın dəfn mərasimini canlı yayımda nümayiş etdirmişdir.

Oxunub 2126 dəfə