Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 21 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.