Səhifəni çap et
Çərşənbə axşamı, 25 Sentyabr 2012 13:36

18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabineti açılıb

18 sayli orta mektebde 3D effektli fenn kabineti 250912 3Sentyabrın 25-də Bakının qocaman təhsil ocağı olan, Yasamal rayonundakı 18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabinetinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən məktəbin biologiya müəlliməsi Lalə Qurbanova bildirib ki, bu texnologiyadan zoologiya, botanika və insan fənlərinin tədrisində istifadə ediləcək.

Onun sözlərinə görə, kabinetdə VI-IX sinif şagirdləri üçün dərslər keçiriləcək: “3D effektli dərs vəsaitinin tətbiq olunduğu kabinet Azərbaycanda ilk dəfə olaraq bu məktəbdə təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərin tədris prosesinə diqqət və marağını artırmaqdır”. L. Qurbanova gələcəkdə bu cür dərslərin X və XI sinif şagirdləri üçün də keçirilməsi üçün təkliflər hazırlandığını deyib.


Kabinetdə 3D effektli dərs vəsaitindən istifadə zamanı şagirdlər xüsusi eynəklərdən istifadə edir. Eynək ekranda görüntülərin daha canlı təsvirinə imkan yaradır.

Qeyd edək ki, 18 saylı orta məktəb 110 portativ kompüter və 8 noutbukla təchiz edilib. Burada 1600 uşaq təhsil alır ki, onlardan 72%-i Azərbaycan sektorunun şagirdləridir. 

Oxunub 3588 dəfə