Səhifəni çap et
Çərşənbə axşamı, 18 Sentyabr 2012 12:18

“Kitab karvanı-İpək yolu ilə”

KarvanF.Köçərli adına Respublika Uşaq Kitabxanası Cənub bölgəsinə yollanır

F.Köçərli adına Respublika Uşaq Kitabxanası sentyabrın 20-də “Kitab karvanı-İpək yolu ilə” adlı aksiyanı keçirmək üçün Azərbaycanın Cənub bölgəsinə yollanır. Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlıda keçirilməsi nəzədə tutulan tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyilə baş tutacaq. Qeyd edək ki, layihəyə ötən il Gəncə, Goranboy, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından start verilib. Sentyabrın 28-dən oktyabrın 4-ə qədər davam edən aksiya zamanı hər bir rayonun MKS-in uşaq şöbəsinə və filiallarına 900 kitab hədiyyə edilmişdir.


 

Tədbiri keçirməkdə əsas məqsəd respublikanın şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri və filiallarında uşaq ədəbiyyatının azlığını aradan qaldırmaq, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb etməkdir. Bundan başqa, səyyar sərgilərin keçiriləcəyi şəhər, rayon və kəndlərdə yaşayan uşaqların oxu ehtiyacını təmin etmək, kitab karvanı keçən yerlərdə ictimaiyyətin diqqətini kitab və mütaliəyə yönəltmək və uşaqların asudə vaxtlarının təşkilində böyük xidmətləri olan kitabxanaların müsbət imicinin artmasına kömək etmək də prioritet məsələlərdən biridir.  

 

Cənub bölgəsində keçiriləcək aksiya zamanı təxminən 750 uşaq kitablarının MKS uşaq şöbələrinə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Hədiyyə olunan kitablar kənd kitabxalarına bölünərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsi məqsədilə veriləcəkdir.Musiqi sədaları altında Kitab karvanını qarşılayan uşaqlar öz sevimli yazıçı və şairlərindən İlyas Tapdıq, Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Solmaz Amanova, Nüşabə Məmmədli, Qəşəm İsabəyli, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə ilə görüşəcək, onları maraqlandıran sualları cavablandıracaqlar. 

Oxunub 3161 dəfə