Səhifəni çap et
Çərşənbə, 04 Mart 2020 10:09

Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub

mirze celilMartın 3-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub. Bu, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerasıdır.

 

Filmin premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Filmin prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkəmizdə ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin Mirzə Cəlilin anadan olmasının 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamını diqqətə çatdırıb. Dövlətimizin başçısının bu cür sərəncamlarını görkəmli ədiblərimizin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.

Sonra film nümayiş edilib.

Oxunub 203 dəfə