“ELS” Fəxri Fərmana layiq görüldü
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova 2014-cü ildə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsini uğurla həyata keçirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı ilə təltif olunub. Bundan əlavə, ELS-ın həyata keçirdiyi layihə ən uğurlu layihələr arasında da yer alıb. Bu, yanvarın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının illik hesabat konfransında məlum olub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da qatıldığı tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ötən il yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib. Ümumilikdə Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. Dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan xalqı 20 Yanvar faciəsinin 25 ilini qeyd edir
Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçir. Həmin gün keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
“Günay” hər kəsi yerindən oynatdı
“Günay” Uşaq Teatrının gənc kollektivi yanvarın 11-də Rəşid Behbudov adına Mahnı Teatrında hazırladığı xüsusi konsert proqramı ilə tamaşaçılarını Yeni İl münasibəti ilə təbrik etdi. Mahnı, rəqs və musiqi nömrələri ilə başlayan tədbirdə kiçik tamaşaçılarla viktorinalar da keçirildi. Maraqlı və şən keçən viktorinalara böyüklər də qatılmışdı.
Sonra əsl şənlik başladı. Səhnəyə dəvət olunan balaca tamaşaçılar “Günay” Uşaq Teatrının kollektivi ilə birgə əyləndilər, o cümlədən mahnı oxudular və rəqs etdilər.
Sonra tamaşaçılara “Günay” Uşaq Teatrının gənc aktyorlarının təqdimatında “Şelkunçik” tamaşası göstərildi. Şən, maraqlı və faydalı keçən kosert proqramı hər kəsi yerindən oynatmışdır.
Mənəviyyat “zəncirinin” cəngavəri
Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sevimli şairimiz Baba Vəziroğlunun doğum günüdür. Fəlsəfi-psixoloji çalarlarla zəngin olan bir sıra maraqlı nəsr əsərlərinin, o cümlədən mindən artıq mahnının müəllifi 40 il əvvəl olduğu kimi bu gün də yaradıçılıq axtarışındadır.
Mahnılarda yaşayan misraları ilə o, minlərlə insanın ürəyinə yol tapıb. Bəstəkarlığı ilə yanaşı bu gün Baba Vəziroğlu ölkənin ictimai həyatında da fəal iştirak edir. 2011-ci ildən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihələrinə dəstək verən və onların həyata keçirilməsində yaxından iştirak edən şair “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər heyəti olmuş və öz dəyərli tövsiyyələri ilə qalib mahnıların seçilməsində aparıcı rol oynamışdır.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi sevimli şairimizi doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılığında yeni uğurlar arzu edir.
Mehriban Əliyeva uşaqların bayram şənliyində iştirak edib
Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirib. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bayram şənliyində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.