Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 05:21

MƏKTƏBƏ TƏRĞİB

MiRZƏ ƏLƏKBƏR SABİR

MƏKTƏBƏ TƏRĞİB

Mənim bağım, baharım!

Fikri ziyalı oğlum!

Məktəb zamanı gəldi,

Dur, ey vəfalı oğlum!

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Gün çıxdı, sübh açıldı

Qaranlıqlar qaçıldı.

Pəncərədən gün düşdü,

Otaqlara saçıldı:

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Oğul, oğul, amandır,

Çox yuxlamaq yamandır!..

Çox yuxlamaq - şeytandan,

Tez durmaq,- Allahdandır.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Nəsihət al, nəsihət,

Qıl kəsbi-elmə qeyrət!

Elmsizlik bəlası

Müşkül olur, həqiqət.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Məktəbə var şərafət,

Dəftərdə var lətafət.

Cari olur qələmdən

Şirin-şirin hekayət.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Allah olsun sədiqin,

Məktəb sənin şəfıqin,

Dur məktəbə get, oğlum!

Dəftər sənin rəfıqin.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Elm öyrən, imtahan ver,

Öz fəzlini nişan ver.

Qədrin bil elmi fəzlin,

Elmin yolunda can ver.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım! 

Oxunub 10171 dəfə