Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:33

QARĞA VƏ TÜLKÜ

İvan Andreyeviç Krılov

QARĞA VƏ TÜLKÜ

Tərcümə edəni Abdulla Şaiq

 

Çoxdan sübut olub yaltaqlıq murdar,

Zərərli bir işdir... yenə adamlar

Bundan çəkinməyir, çünki hər yaltaq

Tapır ürəklərdə kiçik bir bucaq.

 

Qarğacıq hardansa tapmışdır pendir;

Qonmuş bir çinara; acdır, sevinir,

Pendiri о yemək istəyən zaman

Birdən fıkrə getdi; bir Tülkü ordan

Keçirdi. Görüncə boynunu burdu.

Pendirin qoxusu onu durdurdu.

Ayağı ucunda о yavaş-yavaş,

Getdi o, ağacın yanına birbaş.

Boylanıb da baxdı, birdən şöngədi,

Dadlı bir dil ilə Qarğaya dedi: -

Nə qədər gözəlsən, ey gözəl pəri,

Can alan, şəvədən qara gözləri

Nağıllarda ancaq olar eşitmək

Kimdə var о qanad, о dimdik, lələk!

Mələktək xoş olur, şübhəsiz, səsin

Utanma, oxu gəl, xoşdur nəfəsin,

Səsin də olursa gözəl özüntək

Quşlar padşahı sənmişsən, demək!

Tərifdən Qarğanın başı bərk döndü,

Nəfəsi tıxandı, qəlbi döyündü.

Tülkünün о dadlı sözündən Qarğa

Öz qarğa səsilə qarıldadı: "qa!"

Pendir dimdiyindən düşdü bir yana;

Bildi ki, aldanmış qurnaz heyvana.

Oxunub 16990 dəfə