Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:32

PİŞİK VƏ BÜLBÜL

İvan Andreyeviç Krılov

PİŞİK VƏ BÜLBÜL

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Pişik tutub Bülbülü

Saxladı pəncəsində.

Dedi: – Ay canım, gözüm,

Məlahət var səsində.

Ən yaxşı oxuyanla

Bir sanır ellər səni.

Tərifləyir hər yerdə,

Hamı gözəl nəğməni.

Tülkü lələ deyir ki,

Səsindir elə incə

Çobanlar heyran olur

Nəğməni eşidincə.

Mən çox arzulayıram

Dinləyim səni bir az.

Əsib titrəmə belə,

Təşvişdən bir şey çıxmaz.

Qorxma, səni yemərəm

Bir nəğmə oxu mənə.

Buraxım uç, yenə get,

Yaşıl bağa, çəmənə.

Onu bil oxumaqda,

Əskik deyiləm səndən.

Tez-tez pəstdən oxuyub,

Mu-mu eləyirəm mən.

Zavallı Bülbülümün,

Gözləri qaralırdı,

Pişiyin pəncəsində

Güclü nəfəs alırdı.

Pişik dedi: - Nə oldu,

Oxu... azacıq oxu.

Bülbülüm oxumurdu,

Sarmışdı onu qorxu.

Yazıq civildəyirdi,

Pişiyin vəhməsindən.

Məstan dedi: - Meşələr,

Zövq alır bu səsindən.

Bununçün sanılırsan

Ən birinci xanəndə.

Mən ki heç bir məlahət,

Görmədim bu nəğməndə.

Balalarımdan belə

Eşitsəm bu təhər səs.

Qəlbimdə dinləməyə

Olmaz əsla bir həvəs.

Anladım oxumaqda,

Yox zərrəcə hünərin.

Boş, mənasız şeylərdir,

Nəğmələrin, sözlərin.

Görüm ətin necədir?..

Pişik bu sözü dedi,

Zavallı xanəndəni,

Dişinə çəkib yedi.

Sözün düzünü bilsən,

Pişiyin pəncəsində

Bir məlahət duyulmaz

Bülbülün də səsində.

Oxunub 8928 dəfə