Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 09:30

KƏNDLİ VƏ ÖLÜM

İvan Andreyeviç Krılov

KƏNDLİ VƏ ÖLÜM

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Bir qış günü kəndli baba,

Bağlamışdı böyük şələ.

Ehtiyacdan aparırdı,

Daxmasma əziyyətlə.

Hava soyuq, yolu uzaq,

Dalındakı odun ağır.

Asta-asta yeriyirdi,

Yorulmuşdu çöldə fağır.

Gəldi, gəldi, о dayandı,

Şələsini yerə saldı.

Sərələndi yerə yazıq,

Bir ah çəkib fıkrə daldı.

Dedi: - Allah, nə bədbəxtəm,

Külfətimdir  ac-yalavac.

Bu yandan da boyarlara,

Gərək verim töycü, xərac.

Bir xoş günüm olmamışdır

Dərd əlindən yanır könlüm.

Belə ömür sürməkdənsə,

Ölmək xoşdur, gəl, ey ölüm!

Ölüm dağda, daşda deyil,

Yanımızda olur hər an.

Qoca onu çağırınca,

Birdən çıxdı arxasından.

Dedi: - Budur, gəldim, qoca!

Söylə, sözün nədir mənə?

Qoca mənfur üzü gördü,

Duman çökdü gözlərinə.

Dedi: - Ölüm, qəzəblənmə!

Çağırmışam bura səni,

Zəhmət çəkib kömək edib,

Qaldırasan bu şələni.

Oxunub 8423 dəfə