Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:36

İLAN VƏ QUZU

İvan Andreyeviç Krılov

İLAN VƏ QUZU

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Kötüyün yanında yatıb bir İlan,

Qeyz ilə aləmə kəsilib düşman.

İlanda olmaz ki, gözəl təbiət,

Onu pis yaradıb əzəldən xilqət.

İlandan xəbərsiz gözəl bir Quzu

Atılıb gəzirdi çəməni, düzü.

Sürünüb Quzunu çaldı yatağan,

Quzunun gözündən çıxdı od, duman.

İnləyib İlana söylədi: - Məgər,

Neyləmişdim tökdün qanıma zəhər?

İlan dedi: - Gördüm burda gəzərsən!

Düşündüm ki, gəlib məni əzərsən.

Bu işi görmüşəm sayıqlığımdan.

-"Ah" deyib, zavallı Quzu verdi can.

Kimin ki, əzəldən pisdir xisləti,

Hiss etməz dostluğu, xoş məhəbbəti.

О bütün cahana kəsilər yağı,

Çalışar hamıya çəksin gözdağı.

Oxunub 9248 dəfə