Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:24

HÜNÜ VƏ ÇOBAN

İvan Andreyeviç Krılov

HÜNÜ VƏ ÇOBAN

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Güvənib itlərə yatmışdı çoban,

Çıxdı kol-kos arasından bir ilan.

Sürünürdü о zəhər saçmaq üçün,

Çobanı məhv eləyib sancmaq üçün.

Bir kiçik ağcaqanad gördü bunu,

Var gücüylə çobanı sancdı hünü.

Diksinib birdən oyandı yuxudan...

Tutdu əvvəl hününü, əzdi çoban.

Sonra da məhv elədi qıvrılanı,

О zəhər saçmağa gələn ilanı.

Az deyildir belə timsallar, əgər,

Güclüyə yaxşılıq etsə nə qədər.

Gücsüzü məhv edəcək güclü yenə,

Hününün halı bir ibrətdi sənə.

Oxunub 8375 dəfə