Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:16

FİL VƏ ALABAŞ

İvan Andreyeviç Krılov

FİL VƏ ALABAŞ

Tərcümə edəni Abbas Səhhət

 

Xalqa göstərməyə fili filban,

Küçədə gəzdirir idi hər yan.

Bəllidir fil bu ölkədə az olar,

О səbəbdən bizə tanınmaz olar.

Xalq mat-mat təəccüb eyləyərək,

Arxasından gedirdi əsnəyərək.

Bildi hardansa bunların sorağın,

Alabaş kəsdi dəstənin qabağın;

Fili gördükdə cumdu, qışqırdı,

Uladı, basdı, hürdü, hayqırdı.

Dedi Toplan: - A qonşu, ay Alabaş!

Etmə rüsvayçılıq, bir azca yavaş.

Sənmi fil üstünə mırıldanırsan?

Bax özün, a yazıq, xırıldarsan.

Amma gör о necə gedir saymaz,

Sən hürürsən, о heç məhəl qoymaz.

Alabaş söylədi cavabında:

- Qanıram eh, eh, onları mən də.

İştə yalnız mənə verən cürət

Budur, əlbəttə, ondakı halət:

Böyləcə dava etmərəm hər vaxt,

Davakarlıqda tapmışam şöhrət.

Qoy məni tərif eyləsin itlər,

Həm desinlər görən cəmaətlər:

Bərəkallah, qüvvətlicə Alabaş,

Filin üstə əcəb gedir birbaş.

Oxunub 8987 dəfə