Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:14

EŞŞƏK VƏ BÜLBÜL

İvan Andreyeviç Krılov

EŞŞƏK VƏ BÜLBÜL

Tərcümə edəni Abdulla Şaiq

 

Bülbülü bir çəməndə gördü Eşşək,

Dedi: - Dostum, eşitmişəm gerçək.

Musiqi işlərində mahirsən,

Bəstəkar, həm də adlı şairsən,

Oxu, mən dinləyim о sənətini,

Bülbülüm açdı öz məharətini.

Vurdu cəh-cəh, şaqırdadı zildən.

Min bir ahəngə başladı yenidən.

Ney kimi səs uzaqlara çəkilir,

Qırmadır, sanki ormana səpilir.

Dinləyir nəğməni işıq pərisi.

Susdu el, susdu quşların da səsi.

Sürü yatdı, çoban ki, dinlərdi,

Arabir zövq alıb gülümsərdi.

Başqa ahəngə uydurub səsini,

Bülbül artıq bitirdi nəğməsini.

Yeri burnu ilə qoxlayıb Eşşək,

Dedi: - Mahirsən, ey gözüm, bişək.

Çox təəssüf, bizim xoruzlarla

Dostluğun yox - budur səsində bəla.

Görüş onlarla, dostluğu qat sən,

Musiqi dərsini bir az öyrən!

Eşidincə bu hökmü о bülbül,

Batdı dərdə-qəmə, bulandı könül.

Qanad açdı, о yerdən oldu uzaq,

Cahil insan hökm verər bu sayaq. 

Oxunub 9891 dəfə