Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:31

MEYMUN VƏ GÜZGÜ

İvan Andreyeviç Krılov

MEYMUN VƏ GÜZGÜ

Tərcümə edəni Abdulla Şaiq

 

Gördü öz şəklini Meymun güzgüdə,

Ayını ayaqla vurdu: - Vay dədə!

Kirvə, bir bura bax, belə də murdar –

Belə də bədheybət bir sifət olar?!

Burnuna, ağzına bax, inan ki, mən

Ona bənzəsəydim tük qədər, dərddən

Çatlayıb ölərdim. Et, kirvə, iqrar

Bax böylə çirkinlər içimizdə var!

Bizim tanışlardan beş-altı nəfər,

Onları barmaqla sayaram əzbər.

Gülərək Meymuna söylədi Ayı:

- Qoy qalsın, sayma, gəl bura bax, dayı!

Yaxşısı - əvvəlcə öz üzünə bax!

Faydasız qaldı bu məsləhət, ancaq.a

Oxunub 7775 dəfə