Səhifəni çap et
Şənbə, 19 Noyabr 2011 22:45

Mir Sabir

MİR SABİR

(1935)

ÜLKƏR

Səhərdən bəri

Yağış yağırdı.

Ülkər otaqdan

Çölə baxırdı.

O, birdən dönüb

Söylədi: - Nənə,

Bəs günəş hanı

De görüm mənə?

Görmürsən, bala,

Hava qaralmış.

Günün üzünü

Buludlar almış.

– Yox, yox, ay nənə;

Bilirsən nə var?

Günəş gizlənib,

Yoxsa islanar.

 

KOMPAS

Saat kimi olsa da,

Saatdan vardır fərqi.

O, göstərir Şimali,

Cenubu, Qərbi, Şərqi.

Hər kəs qalın meşədə

Azıb yolu tapmasa,

Görəcək hər bir şeyi

Baxan kimi kompasa.

Onsuz dənizdə, göydə

Heç yana getmək olmaz.

Təyyarənin, gəminin

Görən gözüdür kompas.

 

 

 

 

 

 

 

YOX OLDU

Qapı açılan kimi

Külək evə soxuldu.

Salıb yerə güldanı,

Birdən-birə yox oldu.

Baxıb balaca Süsən

Dedi: - Nənə, görürsən?

Sınan güldanı görcək,

Qorxudan qaçdı külək.

 

 

 

 

 

 

 

 

 

 

SÜSƏN

Şəkil çəkməyi

Çox sevir Süsən.

Karandaş, kağız

Düşmür elindən.

Qız alma şəkli

Çəkir hər zaman.

Çünki almanı

Xoşlayır yaman.

 

 

 

 

 

 

Oxunub 13411 dəfə