Səhifəni çap et
Çərşənbə axşamı, 06 Mart 2012 13:02

İlyas Əfəndiyev  

 

Cavan və istedadlı sənətkar dostum Mikayıl Mirzəyevə ithaf edirəm

 

 “YUSIF VƏ ESFİR”

 

   b
əni-İsrail Yusiflə arvadı Esfir gözəl, səfa
lı düzənliklə sakit-sakit axan, suyu gün işığında almaz kimi parlayan bir çayın sahilində balaca, səliqəli evlərində yaşayırdılar. Onların həyatı da həmin o çay kimi sakitcə axıb gedirdi.

   Qırx il idi ki, Yusif Allaha ibadət edirdi. Daşa Girən Kahin İbrahim demişdi ki, kim qırx il hər gün, hər gecə Allaha ibadət eləsə, Allah onun üç xahişini yerinə yetirər. Yusif bir gün də ibadətinin vaxtını keçirmirdi. Xoşqılıq, həvəsli bir qadın olan Esfir həyətlərində toyuq-cücə, qaz saxlayır, bütün günü həvəslə ev-eşiklə məşğul olur, Yusifin çaydan tutduğu balıqlardan ləzzətli xörəklər bişirirdi və sütunlarına sarmaşıqlar sarmaşmış eyvanda əyləşib rahatca nahar eləyirdilər. Sonra Yusif ibadətə başlayır, Esfir isə axşam çayda çimməyə gələn gənclərə tamaşa etməyə gedirdi.

   Cavan qızların, oğlanların şən gülüşlərlə çayın almaz kimi parlayan suyunda bir-biriləri ilə zarafatlaşmaları, oğlanların gözəl qızları suda qovub, tutub öpmələri, sonra sahildə isti qumun üstündə oturub, qədim bəni-İsrail mahnıları oxumaları Esfirə həsrətli bir zövq verirdi. Həsrət onun həyatının keçmişi ilə bağlı idi. Onun gəncliyi bu gənclərin həyatı kimi belə şən, qayğısız keçməmişdi. Yeddi uşağı olan kasıb ata-anası onu mişovul pişiyi kimi qızıl üstə yatan sələmçi Salomona qulluqçu vermişdi. Salomonun arvadı Raxil də zalım qadın idi. Esfirlə şirin dillə mehriban rəftar edir, amma o şirin dillə də hey işlədir, bir dəqiqə də nəfəsini dərməyə imkan vermirdi.

   Yusif Salomonun gözəl bağında bağban işləyirdi. Özü də bir könüldən min könülə Esfirə aşiq idi. Neçə dəfə girəvəyə salıb, ürəyini qıza açmışdısa da, Esfir ah çəkib başını bulamışdı. Esfir Yusifin yaxşı oğlan olduğuna, onu da səmimi qəlbdən istədiyinə inanırdı. Ancaq bu yaxşı oğlanın xarici görünüşü, dərinlikdə işıldayan balaca, yaşıl gözləri, lap ucunda ziyil olan iri burnu sanki hər dəfə Yusiflə qarşılaşanda qızı geri itələyirdi. Amma neyləyəsən ki, digər oğlanlar da gözəl qədd-qaməti, cazibədar göz-qaşı olan, gündə on adamın işini görən Esfiri sanki görmürdülər.

   Bir dəfə Esfir evin tozunu aldığı zaman Salomonun qızı Saranın şit, dələduz bir oğlan olan nişanlısı onun biləyindən tutub demişdi:

   - Mənimlə dost ol, hər ay sənə burda aldığından on qat artıq verim.

   Esfir də onun burnunun üstünə elə bir yumruq vurmuşdu ki, uzun müddət qanı kəsilməmişdi.

   İnsan dərdini yaxın bir adamına deməyəndə rahat ola bilmir. Esfirin də Yusifdən başqa yaxın adamı kim idi ki?.. Qız bağa qaçıb, yana-yana ağlayaraq, bu əhvalatı Yusifə danışdı. Ağır bir sükutdan sonra Yusif dedi:

   - Axı sən nə vaxta qədər araba atı kimi əclaflara işləyəcəksən? Onlardan bundan artıq nə gözləyirsən? Niyə mənim arvadım olmaq istəmirsən? Axı bilirsən ki, səni nə qədər istəyirəm. Neçə vaxtdır mən də işləyirəm, azdan-çoxdan geriyə qoymuşam. Qanunla evlənərik, yer alıb balaca bir ev tikərik, bağ salarıq. Bütün ağacların dilini bilirəm. Gözəl uşaqlarımız olar.

   Yusif belə deyəndə, Esfir ah çəkib Yusifin ziyil olan burnuna baxdı... Və nə üçünsə ağladı.

   Və o gecə uzun zaman yata bilmədi... Fikirləşdi ki, illər keçib gedir... On doqquz yaşın içindəyəm. Mən arzu elədiyim oğlanların heç biri mənimlə maraqlanmadı. Maraqlanan da ancaq müvəqqəti əyləncə üçün... Yusifə getsəm, heç olmasa, öz ev-eşiyim olar. Bəlkə Allah gözəl bir övlad da verdi...

   Esfir ah çəkib, yuxuya getdi.

   ...Və üç gündən sonra Yusif məclis paltarını geyib, Salomonun hüzuruna gedərək, ədəb-ərkanla ona bildirdi ki, Esfirlə evlənmək istəyir.

   Həddindən artıq kök, xoşsifət bir kişi olan Salomon arvadı kimi rəhmsiz deyildi. İnsanlara yaxşılıq etməkdən ləzzət alırdı. Yusiflə Esfirin evlənmək əhvalatını xoşhallıqla qarşıladı, hətta hər birinə üç aylıq alacaqları qədər də ayın-oyun bağışladı.

   Yusiflə Esfir evlənəndən sonra indi içində yaşadıqları kürsülü, səliqəli evi tikdilər. Ər-arvad gecə-gündüz işləyərək, gözəl bağ düzəltdilər. Sonra övlad gözləməyə başladılar. Lakin illər keçir, böyük intizarla gözlədikləri oğlan, ya qız gəlib çıxmırdı ki, çıxmırdı...

   Gözlədikləri övladın taleyi haqqında hər kəsin öz arzusu var idi. Yusif istəyirdi ki, oğlu olsun, oxusun, Salomon kimi tacir olsun.

   Esfir istəyirdi ki, gözəl bir qızı gəlsin dünyaya, ona gözəl rəqslər öyrətsin və həzrət Yusif kimi (atası Yusif kimi yox!) gözəl bir oğlana ərə getsin.

   Lakin illər keçirdi... Nə oğlan gəlirdi, nə qız...

   O zaman Yusif, Daşa Girən Kahin İbrahimin yanına gedib, əhvalatı ona danışdı. Kahin İbrahim dedi:

   - Kim qırx il, hər gün, hər gecə Allaha ibadət eləsə, Allah onun üç arzusunu yerinə yetirər...

   ...Və o gündən Yusif başladı gecə-gündüz Allaha ibadət etməyə. Esfir çayda çimib-şənlənən gənclərə tamaşa eləyib, evə gələndə, güzgüdə özünə baxanda, ona çoxdan vida etmiş o gözəlliyi haqqında düşünərək ah çəkirdi.

   ...Budur qırx il də keçdi. Yusif birinci arzunu diləyib, Allahdan övlad istəməyə hazırlaşırdı və gözlənilmədən Esfir ona yalvardı ki, Yusif Allahdan ona, yəni arvadı Esfirə bir gözəllik istəsin!..

   Esfirin qəfil bəyan etdiyi bu arzu Yusifin bütün fikirlərini alt-üst etdi. Onu o qədər həyəcanlandırdı ki, artıq heç nə haqqında sakit düşünə bilmədi. Məsələ onda idi ki, Yusif Esfirin keçmiş gözəlliyinin həsrətini çox çəkirdi... Bir də elə canla görüşmək, o zövq-səfanı hiss etmək ona hardan nəsib ola bilərdi? Esfir kimi gözəl, taleyin ona qismət etdiyi yeganə bəxşiş idi. İndi əgər Allah-təala Esfirin keçmiş gözəlliyini, gəncliyini özünə qaytarsa, demək, həyat onun da, Yusifin də üzünə təzədən güləcək və Yusif sonra Allahdan diləyəcək ki, bu gənc, gözəl arvadından ona bir övlad versin...

   ...Və Yusif üç diləkdən birincisini bəyan edib, Allahdan Esfirin on səkkiz yaşındakı gözəlliyini özünə qaytarmasını rica etdi.

   Və Allah Esfirin on səkkiz yaşındakı gözəlliyini ona qaytardı.

   Esfir güzgünün qabağında durub, özünə tamaşa edirdi. Yusif heyran-heyran ona baxaraq biləyindən tutdu. Ancaq Esfir biləyini cəld onun əlindən qopararaq, Yusifi birinci dəfə görürmüş kimi, sərt nəzərlə burnuna baxdı və dedi:

   - Neyləyirsən, utanmırsan, qoca kişisən!..

   Yusif elə bildi ki, Esfir zarafat eləyir, şad-xürrəm gülüb dedi:

   - Gərək sənə indi bədəninə görə paltar tikdirək. Yaşlı vaxtında kökəldiyin üçün, paltarlar çox gen olur.

   Esfir çox ciddi ifadə ilə dedi:

   - Düz deyirsən, gedək dərzinin yanına. Ancaq mən adamların yanında sənə ata deyəcəyəm, yoxsa fikirləşərlər ki, qoca kişi nə münasibətlə bu cavan, gözəl qıza paltar alır?..

   Yusif elə başa düşdü ki, Esfir yenə zarafat eləyir, bərkdən gülüb:

   - Nə olar, - dedi, - elə olsun...

   ...Və Esfir təzə paltarı geyib, güzgü qabağında dayananda, o qədər gözəl, o qədər cazibədar göründü ki, Yusif həyəcanla irəliləyib qızı qucaqladı. Esfir çevir hərəkətlə sivişib, onun qolları arasından çıxaraq:

   - Nə qayırırsan? - dedi. - Qoca kişisən, utanmırsan?..

   Esfir bunu deyib, çayın sahilinə - cavanların həmişə çimib, rəqs elədikləri meydançaya qaçdı. Yusif yenə də təyin eləyə bilmədi ki, Esfir zarafat eləyir, yoxsa...

   ...Oradakı cavanlar birinci dəfə gördükləri bu gözələ heyran oldular. Məşhur zərgər Zəraxın ərköyün oğlu onu rəqsə dəvət elədi və Esfir çoxdan həsrətində olduğu bu rəqsi elə məharətlə, elə cazibədarlıqla ifa etdi ki, qızlar paxıllıqla qısqandı, oğlanların isə hamısı ona vuruldu...

   Yusif də kənardan o gözəl qıza baxıb o qədər heyran olmuşdu ki, Allahdan edəcəyi ikinci xahişi də yadından çıxarmışdı.

   Axşam da zərgər Zəraxın oğlu gəlib, Yusifə əhəmiyyət vermədən qızı qonaq apardı.

   Zərax çox hörmətli və dövlətli bir zərgər olduğundan, Yusif qızın getməsinə mane olmağa cəsarət etmədi. Amma yaman əsəbiləşdi. Esfir gələndə özündən çıxıb:

   - Bu nə hərəkətdi? - deyə qışqırdı. - Ərini evdə qoyub, yad oğlanla qonaq gedirsən?

   Esfir heç halını pozmadan:

   - Bəs neyləyim? - dedi. - Qoca kişisən, sənin yanını kəsdirib oturmayacağam ki, cavan qızam.

   Yusif nə qədər elədisə, qızı cavan oğlanlardan uzaqlaşdıra bilmədi. Esfir bir ər kimi də onun yaxınlığını rədd etdikdə Yusif dedi:

   - Axı mən Allahdan övlad istəməliyəm.

   Esfir dedi:

   - Qoca kişisən, neyləyirsən övladı!

   Yusif yanıb tökülərək, birdən-birə o qədər hirsləndi:

   - Ya Allah, - dedi. - Sən bu Esfiri ayı elə! (Nə üçün məhz ayı? Demək çətindir...)

   Bu da İsrail əhli Yusifin Allah-təaladan ikinci təvəqqəsi oldu.

   Çay qırağına gələn cavanlar təəccüblə gördülər ki, gözəl qız birdən-birə yox olub. Onu da gördülər ki, bu yerlərdə bir ayı peyda olub, səhərdən-axşamacan gəlib Yusifin qapısında yatır. Özü də heç kəsə toxunmur. Elə bil ki, heç kəsi görmür.

   Ayı Yusifin bağçasından kənar heç yerə getmirdi. Bütün günü həyət qapısının qabağında oturub, gözlərini zilləyirdi evə. Sanki Yusfin heç bir hərəkətini gözdən qoymaq istəmirdi. Yusif hirslənib ona qışqırdı:

   - Niyə çıxıb meşədəki qohumlarının yanına getmirsən?

   Ayı isə susaraq bütün günü eləcə baxırdı və onun ayı gözlərinin dərinliyində keçmək bilməyən bir kədər var idi. Yusif acıqlı-acıqlı gətirib onu qabağına yemək qoyurdu. Bir gün də lap özündən çıxaraq dedi:

   - Mən hər gün sənə bal, armud, qoz tapıb verə bilmərəm!

   Yusif xəsis deyildi və bu sözləri də xəsis olduğu üçün demirdi. Bu sözlərdən sonra ayı daha Yusifin qoyduğu yeməkləri yemədi. Bu isə Yusifi daha çox pərişan edirdi.

   Ayının hər gün evinin qabağında oturub, məzlum-məzlum ona tamaşa etməsi Yusifin ürəyinə təsir edirdi. Ona görə də Yusif hirsləndi, yana-yana ayıya dedi:

   - Nə var? Niyə yazı-yazıq baxırsan? Allah mənim arzumla səni gözəl eləyəndə niyə birdən-birə elə zalım oldun? Niyə fikirləşmədin ki, axı Yusif o gözəlliyi sənə qaytarmaq üçün qırx il hər gün Allaha dua eləyib? Allahın köməkliyi ilə səndən övlad gözləyib! Hə?! Niyə dinmirsən, zalım, vəfasız qadın?

   Nəhayət, bir gün zərgər Zəraxın ərköyün oğlu gəlib Yusifdən soruşdu:

   - Bəs sənin gözəl qızın haradadır?

   Yusif əncir ağacının kölgəsində uzanan ayını göstərib qəzəblə dedi:

   - Odur ey!..

   Zəraxın ərköyün oğlu hirslənib dedi:

   - Axmaq qoca, məni ələ salırsan?!

   O «axmaq» sözü sanki Yusifin ürəyində bu oğlana qarşı qaynayan qəzəbə, nifrətə yol açdı. Yusif irəliləyib oğlana sillə vurdu. Zəraxın ərköyün oğlu güclü cavan idi. Ömründə birinci dəfə sillə yeyirdi. Bir əli ilə Yusifin xirtdəyindən yapışıb, o biri əli ilə də sillələməyə başladı. Bu zaman ayı qalxıb onlara yaxınlaşaraq, pəncəsi ilə oğlanı vurub kənara tulladı. Oğlan bərk yerə dəydi, qalxıb darvazadan çıxmağa da macal tapmayaraq hasardan tullanıb qaçdı. Sonra ayı dinməzcə gəlib yenə də o əncir ağacının kölgəsində uzandı. Yusif də onun yaxınlığındakı köhnə taxta kətildə əyləşdi.

   On beş günlük Ay dünyanı sakit, mehriban bir nura qərq etmişdi.

   Ayı ilə insan bir-birinə baxırdı. Birdən nə üçünsə Yusifi ağlamaq tutdu. Və ona elə gəldi ki, ayının Ay işığında işıldayan balaca gözlərində də yaş göründü.

   Və bəni-İsrailin mömin bəndəsi Yusif əllərini göyə qaldıraraq:

   - Ey böyük Allah! - dedi. - Sən Esfiri mənim qırxillik arvadım olduğu vaxtındakı şəklinə qaytar!..

   Böyük Allah Yusifin üçüncü arzusunu gözləyirdi. Ona görə də Esfiri neçə ay bundan əvvəlki şəklinə saldı.

   Gün işığında almaz kimi parıldayan o çayın sahilində yenə o qoca kişi və qarısı idi.

   Beləliklə, Daşa Girən Kahin İbrahimin dediyi kimi, Allah bəni-İsrail Yusifin qırx illik ibadəti əvəzinə vəd olunmuş üç diləyinin üçünü də yerinə yetirdi.

  

   1991

 

Oxunub 3469 dəfə