Səhifəni çap et
Cümə, 31 Avqust 2012 11:51

Ərköyün qız

Gülzar nənə

Ərköyün qız

(Hekayə)

b
iri vardı, biri yoxdu, Şamaxı şəhərinin Sulut kəndində Nisə adlı qəşəng bir qız vardı. Hamı bu qıvrım saçlı dəcəl qızı əzizləyir, sevirdi. Dəcəl qız da hamının ona olan sevgisini hiss etdikcə daha da ərköyünləşirdi. Artıq Nisə elə ərköyünləşmişdi ki, hətta onu sevib-əzizləyənə, öpənə əl qaldırır, şillə vururdu. O özündən kiçiklərə də, böyüklərə də əl qaldırırdı.

Nisə həyətdə gücü çatdığı heyvanları, quşları, hətta böcəkləri də incidirdi. Milçəköldürəni götürüb düşürdü böcəklərin canına.

Ata-anası nə qədər danlayırdısa, qız tərsliyindən əl çəkmirdi. Ana deyirdi:

- Nisə, axı bütün canlıların canı var. Onları incidəndə ağrıyırlar. Hətta ağlayırlar. canlını incitmək olmaz! Axı onları da Tanrı yaradıb. Onları incitmək həm düzgün deyil, həm də günahdır.

Nisə səhvini boynuna almırdı:

- Mən heç kimi incitməmişəm!

Atası da qızını tənbeh edirdi:

- Ay Nisə, sən heyvanları incitməsən, məstan pişik səni görəndə qaçıb gizlənməz, küçük Toplanı cırnatmasan, o səni görəndə mırıldamaz. Hələ bapbalaca cücələri demirəm!

Çox danlayanda da Nisə hamıdan küsüb bir tərəfdə otururdu.

Bir gün Nisə həyətdə oynayırdı. Haradansa həyətə alabəzək bir kəpənək uçub gəldi. Nisə onu tutmağa çalışsa da, tuta bilmədi. Nisə kəpənəyin dalınca qaçdı ki, onu tutub bankaya salsın. O, həmişə xoşu gələn kəpənəyi tutub bankanın içərisinə salırdı. Onu bankada o qədər oynadırdı ki, kəpənək haldan düşürdü.

Bu dəfə isə deyəsən, kəpənək təslim olmaq istəmir, qızdan canını qurtarmaq istəyirdi. Nisə isə həmişəki kimi tərsliyindən əl çəkmirdi.

Nisəgilin evləri meşənin yaxınlığında yerləşirdi. Meşə ilə evin arası beş dəqiqəlik yol idi. Nisə kəpənəyi o qədər qovdu ki, bir də baxdı meşənin içərisindədir, özü də yolu itirib.

Qız guya gəldiyi yolla qayıtmağa başladı. Əslində isə o, meşənin daha da dərinliyinə gedirdi. Nisə ağlaya-ağlaya yol getməkdə olsun, sizə kimdən xəbər verək, Nisənin anasından.

Nisə həyətdə oynayanda anası mətbəxdə yemək bişirirdi. Və tez-tez həyətə boylanıb Nisəyə göz qoyurdu ki, uzağa getməsin. Ana bir də həyətə boylandı ki, Nisə həyətdə yoxdur. Əvvəl nigaran qalmadı. Elə bildi qız yenə də yaxınlıqda yaşayan əmisigilə gedib. Onlardan Nisəni soruşandan sonra isə qorxuya düşdü. Hər yana səs saldı:

- Ay aman, hava qaralmağa başlayır, qız yoxdur.

Ata da işdən yarımçıq gəldi. Hamı - bütün kənd Nisəni axtarmağa başladı. Hava artıq qaraldığından, məşəl yandırıb meşəni də axtardılar. Heç yerdə qızı tapmadılar ki, tapmadılar. Bütün kənd sanki yas içərisindəydi. Düz, bir həftə Nisəni axtarandan sonra daha axtarmadılar. Ümidlərini üzüb, dərd-sər içərisində, ağlaya-ağlaya oturdular. Fikirləşdilər, yəqin, qızı meşədə vəhşi heyvan-zad parçalayıb.

Aradan bir neçə gün də keçdi. Bakıdan Şamaxı meşələrinə gəzməyə çoxlu məktəbli gəlmişdi. Cəngi meşəsi həmişəki kimi bu yay da çox gözəl idi. Məktəblilər meşədə gəzəndə uzaqdan balaca bir qız gördülər. O, uzaqdan nəsə deyirdi. Uşaqlar qızın nə dediyini anlamaq üçün bir az yaxına getmək istəyəndə, onların qarşılarına böyük, boz bir ayı çıxdı. Qaçaqaç düşdü… Ayı elə nərildədi ki...

Bir azdan ovçular və meşəbəyi gəldilər. Sən demə, ayının yanındakı qız Nisəymiş. On gün bundan qabaq meşədə azmış balaca qız. Ayı Nisənin həndəvərində dolanır, heç kəsə imkan vermirdi ki, ona yaxın dursun.

Ovçulardan biri istədi tüfənglə ayını vurub öldürsün. Balaca qız bunu görüb qışqırdı:

- Yox, ona dəyməyin!

Görəsən, Nisəyə nə olmuşdu ki, o belə dəyişmişdi? Axı onun heyvanlardan xoşu gəlmirdi.

Danışım… Nisə meşədə azanda qaranlığa düşdü, nə qədər axtardısa, evlərinin yolunu tapmadı ki, tapmadı. Axırda əlacı kəsildi, yorulub bir ağacın altında oturdu. Elə orada da yuxuya getdi.

Ayılanda isə balaca qız dəhşətli bir hadisənin şahidi oldu. Üç qara canavar onun üstünə gəlmək istəyir, ayı isə onları qovur, yaxına qoymurdu. Bu, səhərə qədər belə davam elədi. Səhər açılanda isə ayı Nisənin paltarından tutub darta-darta onu mağarasına apardı. Nisə daha ondan qorxmurdu. Çünki ayı gözünün qarşısında onu canavarların pəncəsindən xilas eləmişdi. Düz, on gün Nisə mağarada Ayı ilə birgə qaldı. Onlar meşədə bir gəzir, meyvələr, giləmeyvələr yeyir, bulaqlardan su içirdilər.

Onuncu gün isə məktəblilər Nisəni görüb hay-küy qopartdılar. Ovçulardan biri Ayını vurmaq üçün nişan alanda Nisə qışqırdı:

- Onu vurmayın, o mənim dostumdur, məni canavarların əlindən xilas edib!

Ovçu əl saxladı. İnandılar. Çünki Ayı heç kəsi Nisəyə yaxın qoymurdu. Yalnız ayının üstünə yuxu dərmanı tökəndən sonra, ayını yuxu tutandan sonra qızı ondan ayırmaq mümkün oldu.

Bundan sonra Nisə daha heç vaxt heyvanları, böcəkləri incitmədi. Ərköyünlük eləmədi. O həm də ağıllı və yaxşı qız oldu.

Oxunub 5944 dəfə