Səhifəni çap et
Şənbə, 01 Sentyabr 2012 09:13

QAR ADAMLAR

ZAHİD XƏLİL

QAR ADAMLAR

Y
evlağa hələ heç zaman belə qar yağmamışdı. Hətta Kürün sahili bоyu uzanıb gedən yarğanlar da qarla örtülmüşdü. Cəfərlə Səfər çoxdan belə bir fürsət gözləyirdilər. Onlar səhər açılan kimi meşəyə gəldilər və qardan adam düzəltməyə başladılar. Cəfər kişi qar adamı düzəldirdi. Bu adamın burnu qırmızı kökdən, bığları şam budaqlarından, papağı isə köhnə bir vedrədən idi.

Eh siz bir bu adamın qollarına baxaydınız. Cəfər fərəhlə deyirdi:

– Mənim düzəltdiyim adam boksyordur bəlkə də lap karate ustаsıdır. Qollarının musquluna baxın.

Doğrudan da onun musqulları qurbağa kimi belini qaldırmışdı. Bu adamın enli kürəyi onun çox güclü olduğunu bildirirdi. Amma Səfərin düzəltdiyi adam gözəl bir qız idi. Səfər оnun burnunu fındıqdan düzəltmişdi. Dodaqlarına qırmızı plastilin yapışdırmışdı. Gözlərinə isə kömür qoymuşdu. Bir sözlə bu, dünyanın ən gözəl qızı idi.

Cəfər ilə Səfər o qədər işlədilər ki, bir də baxdılar daha axşamdır.

Qar adamları da meşədə qoyub evlərinə getdilər. Bax bütün əhvalatlar bundan sonra başladı. Cəfərin düzəltdiyi kişi öskürüb ayağa qalxdı və dedi:

– Pah atonnan, nə yaman yatmışıq. Qaranlıq düşüb ki!

Səfərin düzəltdiyi gözəl qız da yuxudan ayıldı və hər tərəfin bu qədər ağ olduğuna heyrət etdi:

– Doğrudan da əməli-başlı yatmışıq – dedi.

– Mən bilən sənin adın Qarçiçək xanımdır. Elə deyilmi?

Qız bu adı xoşladı və kömür gözlərini süzdürüb dilləndi:

– Tamamilə haqlısınız. Mən bilən sizin də adınız Qarkişi bəydir.

Qarkişi bəy adını eşidən kimi qolunda bir az da artıq güc hiss etdi və dedi:

– Əlbəttə Qarkişi bəydir. Mən bilən boş dayanmaqdansa qaçdı-tutdu oynasaq yaxşıdır.

Qarçiçək xanım Qarkişi bəyin bu təklifini еşidən kimi başa düşdü ki, bu adam çox ağıllıdır.

Onlar qaçdı-tutdu oynamağa başladılar. Gecənin bir aləmində meşənin içində hay-küylə qaçışan bu adamları görəndə dələlər qorxudan ağac koğuşunun lap dərin qatına endilər və bu işlərin axırını gözləməyə başladılar. Yalquzaq canavarlar bir az da bərk uladılar ki, bəlkə qar adamlar onlаrdan qorxarlar. Amma qar adamlar bu vəhşini heç veclərinə də almadılar.

Bir dəfə Qarkişi bəyin dəmir papağı başından düşüb yerdə dığırlаndı və bərk səs çıxartdı. Bir dəfə də Qarçiçək xanımın ağ sırqaları qarın içinə düşdü və onlar ay işığında xeyli bu sırqaları axtarmalı oldular.

Bir sözlə Qar adamlar beləcə oynadılar və bir-birini ürəkdən sevdilər. Onlar o qədər oynadılar ki, axırda əriyib bir-birinə qarışdılar.

Oxunub 12282 dəfə