Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 14:37

BÖYRÜ QATRANLI CBÖYRÜ QATRANLI CÖNGƏ

BÖYRÜ QATRANLI CÖNGƏ 

Ukrayna nağılı

b
ir kənddə bir qoca və bir qarı var idi. Onların uşaqları böyüyb ev-eşik sahibi olmuşdular. Var-dövlətdən qocanın və qarının yalnız bir toyuğu, bir də pişikləri vardı. Bir gün qarı qocaya dedi:

-     Mənə samandan bir cöngə düzəldə bilərsənmi?

-     Dəli olmusan nədir? Cöngə nəyinə lazımdır?

-     Biz onu otararıq.

Qoca naəlac qalıb samandan bir cöngə düzəltdi və üstünü qatranladı.

-     Gecəni yatdılar. Səhəri gün nənə bir az iplik götürüb saman cöngəni otarmağa apardı. Özü isə bir təpənin yanında oturub ip əyirməyə başladı. Bir tərəfdən ip əyirir, bir tərəfdən oxuyurdu: 

-     Otla, əziz cöngəm, otla, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla! Otla, əziz cöngəm, otla, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla!

Az əyirdi, çox əyirdi, yuxuya getdi.

Birdən bir ayı qalın meşədən, sıx ağaclıqdan çıxıb qaçmağa başladı. Cöngəyə çatıb dayandı:

-     Sən kimsən?

-     Mən saman cöngəyəm, böyrü qatranlıyam!

-     Bir az qatran ver, itlər məni dişləyiblər.

Böyrü qatranlı cöngə dinmirdi.

Ayı acıqlandı, cöngənin qatranlı böyründən dişlədi. Amma nə qədər əlləşdisə dişlərini qopara bilmədi, qatrana yapışıb qaldı. Cöngəni dartışdıra-dartışdıra ora-bura aparmağa başladı!

Bu vaxt qarı oyandı və çığırmağa başladı:

-     Qoca, ay qoca, tez gəl, cöngə ayı tutub!

Qoca ayını tutdu və zirzəmiyə saldı.

Səhərisi gün nənə yenə cəhrəsini götürüb cöngəni otarmağa apardı. Təpəlikdə oturub, iplik əyirir, bir yandan da oxuyurdu:

-     Otla, otla, böyrü qatranlı cöngəm! Otla, əziz cöngəm, otla, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla!

Birdən bir canavar qalın meşədən, sıx ağaclıqdan çıxıb qaçmağa başladı. Cöngəyə çatıb dayandı:

-     Sən kimsən?

-     Mən saman cöngəyəm, böyrü qatranlıyam!

-     Bir az qatran ver, itlər məni dişləyiblər.

Böyrü qatranlı cöngə dinmirdi. Canavar onun qatranlı böyründən yapışdı. Az dartdı, çox dartdı, dişləri qatrana yapışıb qaldı, dartıb çıxara bilmədi. Əlləşə-əlləşə qalmışdı.

Qarı oyandı, gördü ki, cöngə yoxdur.

Qarı özünü ora-bura vurdu, gördü ki, canavar cöngəyə yapışıb. Qışqırmağa başladı:

-     Qoca, ay qoca, tez gəl, cöngə canavar tutub!

Qoca qaçıb gəldi, canavarı tutdu və zirzəmiyə, ayının yanına saldı.

Qarı cöngəni üçüncü gün də otarmağa apardı. İpliyini əyirir, həm də oxuyurdu:

-     Otla, otla, böyrü qatranlı cöngəm, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla! Otla, otla, böyrü qatranlı cöngəm, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla!

Az əyirdi, çox əyirdi, oxudu, oxudu yuxuya getdi.

Bir tülkü qaçıb gəldi.

Cöngədən soruşdu:

-     Sən kimsən?

-     Mən saman cöngəyəm, böyrü qatranlıyam!

-     Bir az qatran ver, əzizim, itlər məni dişləyiblər.

Cöngə yenə dinmirdi. Tülkü onun böyründən yapışdı və ilişib qaldı. Az dartışdırdı, çox dartışdırdı, dişlərini dartıb çıxara bilmədi. Nənə oyandı, babanı çağırmağa başladı:

-     Qoca, ay qoca! Cöngə tülkü tutub!

Qoca tülkünü də zirzəmiyə saldı.

Gör zirzəmidə nə qədər heyvan vardı!

Qoca zirzəminin yanında oturub bıçağını itiləməyə başladı. Özü isə deyirdi:

-     Ayının əla isti dərisi var. Ondan yaxşı kürk çıxar!

Ayı bunu eşitdi, canına qorxu düşdü:

-     Məni öldürmə, azadlığa burax! Mən sənə bal gətirərəm.

-     Aldatmazsan ki?

-     Aldatmaram.

-     Bax, a! - dedi qoca və ayını buraxdı.

Özü isə yenə də bıçağını itiləməyə başladı.

-     Canavardan kürk alınmasa da əla papaq çıxar!

Canavarın canına qorxu düşdü, yalvarmağa başladı:

-     Burax məni! Sənə qoyun-quzu gətirərəm.

-     Bax, a, aldatma!

Canavarı da azadlığa buraxdı. Yenidən bıçağını itiləməyə başladı. Bir yandan itiləyir, bir yandan öz-özünə deyirdi:

-     Tülkünün xəzi çox qəşəngdir. Qarının paltarına gözəl yaxalıq çıxar. Əla olar!

Tülkü qorxdu, ağlayıb yalvarmağa başladı:

-     Rəhm et, dərimi soyma! Mən sənə toyuq-cücə, qaz-ördək gətirərəm.

-     Bax, a, aldatma! - deyə qoca, tülkünü də buraxdı.

-     Səhərisi gün, sübh açılar-açılmaz evlərinin qapısı döyüldü! Qarı sobanın üstündəki yerində dirsəkləndi və qocanı oyatmağa başladı:

-     Qoca, ay qoca! Qapı döyülür! Gör kimdir!

Qoca qapıya getdi, gördü ki, ayı böyük bir arı pətəyi gətirib. Qoca balı yerbəyer etməyə macal tapmamış qapı yenə döyüldü! Canavar qoyun-quzu gətirmişdi. Elə bu vaxt  tülkü də toyuq-cücə, qaz-ördəklə birlikdə gəlib çıxdı.

Qarı ilə qoca çox sevindilər. Mehriban ömür sürməyə, firavan yaşamağa başladılar.

Oxunub 6945 dəfə