Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 10:39

İKİ ACGÖZ AYI BALASI

İKİ ACGÖZ AYI BALASI

Macar nağılı

U
zaq dağların arxasında, göy dərələrin о biri üzündə sıx, keçilməz bir meşə vardı. Bu sıx meşədə, talanın ortasında qoca bir ana ayı yaşayırdı. Ana ayı tək yaşamırdı, onun iki balaca balası var idi. Ayı balaları analarının yanında firavan yaşayırdılar. Amma vaxt gəldi, ayı balaları böyüdülər və öz xoşbəxtliklərini axtarmağa yola düşdülər.

Sağollaşanda ana ayı onlara tapşırdı:

-     Bir-birinizlə mehriban rəftar edin, dalaşmayın və heç vaxt bir-birinizdən ayrılmayın!

Ayı balaları analarının öyüdünə əməl etməyə söz verdilər, azuqələrini götürüb yola düşdülər.

Azmı getdilər, çoxmu getdilər, bilmirəm. Amma onların azuqələri qurtardı və yeməyə bir şey tapmadılar. Dilxor halda ac-yalavac yolla gedirdilər.

-     Ah, qardaş! - deyə kiçik qardaş ağlamağa başladı. - Elə yemək istəyirəm ki!

-     Mən də! - deyə böyük qardaş da ah-zar etdi. - Acından qarnım quruldayır!

Bu minvalla onlar yollarına davam edir və ağlayıb-sızlayırdılar. Birdən onlar yolun kənarında, bir kötüyün üstündə böyük bir pendir parçası gördülər. Pendir parçasını aralarında tən bölmək istəsələr də, bacarmadılar. Acgözlük onlara mane olurdu, hər ikisi о birisinə daha çox pendir çatacağından ehtiyatlanırdı. Elə qızışdılar ki, dalaşmağa hazır idilər. Bu vaxt bir tülkü onlara yaxınlaşdı:

-     Niyə mübahisə edirsiniz?

Ayı balaları öz dərdlərini ona danışdılar.

-     Eh, bu düzələn işdir, - deyə tülkü gülümsədi. - Pendiri verin, mən onu bölərəm!

Ayı balaları pendiri ona uzatdılar və diqqətlə müşahidə etməyə başladılar: birdən pendir dilimləri tən olmaz? Tülkü isə pendir parçasını götürüb onu kötüyə çırpdı. Pendir iki hissəyə bölündü, lakin bir hissə açıq-aydın о birindən daha böyük idi. Ayı balaları əlbəttə ki, bunu gördülər və bir səslə qışqırdılar:

-     Bax, bu hissə daha böyükdür!

-     Sakit olun! - tülkü onları sakitləşdirdi. - Mən indi bunu düzəldərəm.

Bunu deyib böyük olan hissədən yaxşı bir dişlək aldı. Amma yenə də pendirlər eyni olmadı. İndi də kiçik hissə daha böyük oldu.

-     Tənyarı deyil! Tənyarı deyil!

-     Görürəm, görürəm! İndi tənləşdirərəm.

Amma tülkü nə qədər çalışırdısa, bir hissə о birindən daha böyük alınırdı. Та о vaxta kimi ki, tülkü qarnını doydurdu. İndi artıq pendir parçaları eyni idilər. Amma onlar necə də balaca idilər!

Ayı balaları öz paylarını aldılar və acıqlarından ağlamağa başladılar: ac ayı balası bu boyda pendirlə necə doysun?

Nə olsun ki? - dedi qaçaraq uzaqlaşan tülkü. Əvəzində tənyarıdır!

Oxunub 9617 dəfə