Səhifəni çap et
Bazar ertəsi, 28 Noyabr 2011 17:28

Sevil

SevilSəbinə Haqverdiyeva

SEVİL

Biri var idi, biri yox idi. Yaşıdları içində öz ağılı, mehribanlığı, gözəlliyi ilə fərqlənən Sevil adında bir qız vardı. Sevil beşinci sinif şagirdi idi. Dərslərindən əla qiymətlər alırdı. Müəllimlər onu çox sevirdilər. Lakin müəllimələr onu nə qədər çox sevirdisə, onun parta yoldaşı Orxanın bir o qədər ondan acığı gəlirdi. Bunu Sevil də hiss etmişdi. Hər dəfə Sevil dərs danışanda Orxan ona mane olub, çaşdırmaq istəyirdi. Lakin, Sevil öz dərsini yaxşı bildiyindən Orxanın zəhməti hər dəfə hədər gedərdi. Sevilin ağıllı olduğuna əmin olan Orxan hiyləyə əl atmaq qərarına gəldi. O, öz təmbəl dostlarını başına yığıb Sevilə tələ qurmaq istədiyini dedi. Orxanın dostları da onun özü kimi paxıl idilər. Ona görə də bu fikir onların da ürəyincə olmuşdu.

Dərs qurtardı. Orxan evə qayıtdı. O, bütün günü Sevili necə gözdən salmağı barədə düşünürdü.

Səhər açıldı. Orxanın saatı zeng çaldı. Məktəbə getmək vaxtı idi. Orxan yatağından durub əynini geyinmək istədi. Lakin, onun buna taqəti yox idi. Çünki Orxan xəstələnmişdi. Qızdırmadan yandığını hiss edən Orxan boğuq səslə anasını səsləməyə başladı. Çox keçmədi ki, anası özünü onun otağına çatdırdı. Oğlunun yatağda halsız uzandığını görən ana möhkəm qorxdu. O, tez bir həkim çağırdı. Orxanı müayinə edən həkim ona möhkəm soyuq dəydiyini dedi və bir həftə ərzində dərsə getməyib müalicə almağı məsləhət gördü. Sevil isə həmişəki kimi səliqəli geyinib məktəbə yola düşmüşdü. O, sinifə daxil olub yoldaşlarıyla salamlaşdı. Sonra isə Orxanın nə üçün dərsə gəlmədiyini xəbər aldı. Bu an Orxanın dostlarından biri onun bərk xəstələndiyini dedi. Bunu eşidən Sevilin əhvalı korlandı. Onun ürəyi o qədər təmiz idi ki, hətta ona pislik edənlərin halına belə acıyırdı.

Dərs qurtardı. Sevil çantasını toplayıb evə getdi. Orxanın möhkəm xəstələndiyini anasına xəbər verdi və soruşdu: - Ana olarmı biz sizinlə Orxana baş çekek? Yəqin ki, o bundan şad olar. Anası dedi: - Əlbəttə qızım bu bizim insanlıq borcumuzdur. Onlar bir az meyvə alib Orxangilə yollandılar.

Bu an Orxan boğazını qalın bir şarfla büküb yatağında uzanmışdı. Qapının zəngi çalındı. ”Yeqin dostlarımdır, mənə görə narahat olublar” deyə Orxan düşündü. Lakin otağına Sevilin daxil olduğunu görəndə təəcübləndi. Sevil əlindəki meyvəni ona tərəf uzadıb dedi: - Al!bu meyvələri sənin üçün gətirmişəm. Sənə indi çoxlu meyvə yemək lazımdı. Bunu eşidən Orxan çox utandı. O, Sevilə qarşı haqsızlıq etdiyini anlamışdı.

Bir həftə keçdi. Orxan sağaldı. Bu günlər ərzində Orxana yalnız Sevil baş çəkmişdi. Dostları isə xəstəliyə yoluxmaqdan qorxduqları üçün ona baş çəkə bilməmişdilər.

Orxan kitab-dəftərini hazırlayıb məktəbə yola düşdü. Bir az getmişdi ki dost adlandırdığı sinif yoldaşları ilə rastlaşdı. Onlar heç nə olmamış kimi Orxanı qucaqlayıb onun üçün çox darıxdıqlarını söylədilər. Sonra oğlanlardan biri dedi: Hə Orxan, Sevili necə gözdən salacağını düşündün? Necə də olmasa sənin buna düz bir həftə vaxtın olub. Orxan cavabında dedi: -Xeyr! Mən indi başa düşdüm ki, əsl dost elə Sevil kimi olmalıdır. Biz ona baxıb ibrət götürməliyik. Onun kimi yaxşı oxumalı, hamı ilə mehriban olmalıyıq. Atalar bu barədə yaxşı deyib: - Dost dar gündə tanınar.

Oxunub 9713 dəfə