Səhifəni çap et
Çərşənbə, 17 Oktyabr 2012 16:13

Şah toyuq

Shah-touq-1

Şah toyuq

 

Toyuq durub yerindən

Ah çəkərək dərindən

Söylədi: - Axı niyə,

Boylanıram mən hindən?

Şir kef çəkir meşədə,

Şahıdı heyvanların,

Mənsə doyuzdururam

Qarnını insanların.

Deyib lovğalığından

Üzü, gözü büzüşdü.

Dostlarıyla görüşüb,

Meşəyə yola düşdü.

Yolda möhkəmcə acdı.

Dənçün gəzdi hər yanı,

Meşədə hindəkitək

Onu yemləyən hanı?

Qarnı ac, yorğun-arğın

Yoluna davam etdi.

Uzaqdan şiri görüb

O, şirə tərəf getdi.

-   Salam sənə şir qardaş

Mən daha dözməyirəm

İndi meşənin şahı

Mən olmaq istəyirəm.

Şir nə qədər güldüsə

Bu yazığın sözünə

Gülə-gülə birtəhər

Gələ bildi özünə.

Əlində yarım qalan

Ceyran ətini yedi,

Gözünü süzə-süzə

Toyuğa belə dedi:

– Sən yalnız bu meşənin

Ləzzətli işdahısan,

Meşə heyvanlarının

Mədəsinin şahısan!

Bunu eşidən toyuq

Qorxub geri çəkildi,

Yazığın həyəcandan

Beli boynu büküldü.

Şirin sözləri onu

Yuxusundan ayıltdı,

Sağlığına şükr edib

Hinə geri qayıtdı.

Doğmaların, dostların

Görüb gözləri güldü.

Meşə səyahətindən

O yalnız bunu bildi:

Toyuq – hinin, şir – meşənin,

Ağac – bağın, maral – dağın

Yerin bilsə, soxulcan da

Şahıdır qara torpağın!

Oxunub 10881 dəfə